Logo

Cəmiyyətdə geniş yayılmış yanlış fikirlərdən biri də yaşayış yeri üzrə qeydiyyatı (propropka) olmayan vətəndaşların şəxsiyyət vəsiqəsi ala bilməməsi ilə bağlıdır. Bir çox vətəndaş elə hesab edir ki, əgər rəsmi bir ünvan yoxdursa, dövlət sənədi almaq qeyri-mümkündür. Lakin Azərbaycan Respublikasının mövcud qanunvericiliyi bu stereotipi tamamilə təkzib edir.

 

Hüquqi Əsaslar: Yaşayış Yeri Şərt Deyil


Konstitusiyamıza və müvafiq qanunlara əsasən, hər bir vətəndaşın öz şəxsiyyətini təsdiq edən sənədlə təmin olunmaq hüququ var. Bu hüquq sarsılmazdır və şəxsin daimi yaşayış yerinin olub-olmamasından asılı deyil. Konstitusiya Məhkəməsinin hələ 2003-cü ildə verdiyi xüsusi şərhdə aydın şəkildə qeyd olunub ki, şəxsiyyət vəsiqəsindəki “yaşayış yeri” bölməsi, evi olmayan şəxslərin sənədsiz qalması üçün bir bəhanə ola bilməz.

 

Bəs Qeydiyyat Necə Aparılır?

 

Evi və ya rəsmi qeydiyyat ünvanı olmayan vətəndaşlar üçün xüsusi bir prosedur nəzərdə tutulub. Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən:


1.    Yaşayış yeri olmayan şəxslər Daxili İşlər Nazirliyinin (DİN) şəxsiyyət vəsiqəsi verən müvafiq regional orqanının ünvanı üzrə qeydiyyata alınırlar.

2.    Şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən “yaşayış yeri” bölməsində həmin inzibati binanın ünvanı şərti olaraq göstərilir.

3.    Beləliklə, vətəndaş dövlət xidmətlərindən yararlanmaq üçün lazımi sənədini maneəsiz əldə edir.

 

Sənədin Verilməsindən İmtina Qanunsuzdur

 

Vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən əsassız imtina edilməsi, prosesin uzadılması (süründürməçilik) və ya qanunda nəzərdə tutulmayan əlavə sənədlərin tələb olunması ciddi hüquqi məsuliyyət yaradır. Qanunvericiliyə əsasən, bu cür hallara yol verən vəzifəli şəxsləri 500 manatdan 800 manatadək cərimə gözləyir.

 

Şəxsiyyət Vəsiqəsiz Yaşamağın Riskləri

 

Vətəndaşların da üzərinə müəyyən öhdəliklər düşür. İnzibati Xətalar Məcəlləsinə görə, şəxsiyyət vəsiqəsi olmadan bir aydan artıq müddətdə yaşayan vətəndaşlara:

 

İlk növbədə xəbərdarlıq edilir;

Xəbərdarlıq nəzərə alınmadıqda isə 20 manat məbləğində cərimə tətbiq olunur.



Nəticə olaraq, dövlət hər bir vətəndaşı sənədləşdirməkdə maraqlıdır. Əgər qeydiyyatınız yoxdursa, bu, şəxsiyyət vəsiqəsi almağa maneə deyil. Belə bir halla qarşılaşdıqda hüquqlarınızı qorumaq üçün aidiyyəti orqanlara və ya bu kimi probleminiz üçün hüquq xidməti almaq istəyirsinizsə, “Hüququm Var”ın vəkil xidmətinə müraciət etməyiniz tövsiyə olunur.